суббота, 3 мая 2014 г.

“Təhsil sistemi uşaq və gənclərin mənəvi inkişafında önəmli rol oynayır”
Tarix: 28.04.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər
Məlihə Əsədova:“Yeniyetmələrin sağlam düşüncələri ilə həyata atılmalarını dəstəkləyirəm. Sosial şəbəkələrdə yersiz vaxt keçirməyə dəyməz. Həyati bacarıqlar gələcək üçün daha önəmlidir”

Uşaq və gənclərin mənəvi inkişafında təhsilin mühüm rolu var. Onlar təhsil aldığı məktəbdə tədris zamanı dövlətçilik tariximiz, mənəvi dəyərlərimiz, Milli Qəhrəmanlarımız, görkəmli şəxsiyyətlər, ədiblərimiz barədə məlumat alırlar ki, bu da onların mənəvi inkişafında böyük rol oynayır.
Bu gün orta təhsil müəssisələrində şagirdlərə məhz bu istiqamətdə müvafiq dərslər tədris olunmaqla yanaşı, şagirdlər əyani vəsaitlərlə tanış olmaq üçün müxtəlif abidələrimizi, muzeyləri ziyarət edirlər. Təbii ki, bu ziyarət zamanı müşahidələr onlarda böyük təəssürat doğurur ki, bu da nəticədə uşaq və gənclərin mənəvi inkişafına böyük təsir göstərir. Onu da qeyd edək ki, bu sahədə uğurlar əldə olunmasında təhsilin və müəllimlərin böyük rolu var. Prezident İlham Əliyev də vurğulayıb ki, indi əsas məqsəd məhz təhsilin keyfiyyətini yüksəltməkdir: “Müəllimlərin cəmiyyətdə rolu çox böyükdür və vacibdir. Gənc nəslin tərbiyə olunmasında, uşaqların yüksək bilik almasında müəllimlərin rolu birincidir. Biz elə etməliyik ki, bütün uşaqlarımız yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar. Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş üçün, həm də ölkələr üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların uğurları təhsilin səviyyəsi ilə bağlıdır. Nə təbii ehtiyatlar, nə mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad və bilik əsasdır. Çünki dünyanın inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır. Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk addımlarını məktəblərdə atırlar. Biz elə etməliyik ki, təhsilimizdə ən qabaqcıl səviyyə təmin olunsun”.
Bakı şəhəri Nəsimi rayonu Rövşən Nəsirov adına 111 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məlihə Əsədova da bildirdi ki, məktəb, təhsil sistemi uşaq və gənclərin mənəvi inkişafında önəmlidir: 
- Bir müəllim kimi uşaq və gənclərin mənəvi tərbiyəsində ilk olaraq daxili zənginliyi əsas götürürəm. Buraya milli-mənəvi sərvətlərimizə olan hörmət, ehtiram, onların dünyagörüşündə xoş bir dəyişikliyə səbəb olan bütün amilləri misal göstərərdim. Onlarda gördükləri, seyr etdiklərinə yetərincə dəyər verə bilmək qabiliyyəti olmalıdır. Burada onların bizim tarixi abidələrimizlə tanışlığı, tarixi məkanlarımız haqqında kifayət qədər informasiyanı dinləyib dərk etmə qabiliyyəti, cəmiyyətdə özlərini apara bilmək qabiliyyətinin formalaşmasını əsas götürərdim. İstərdim ki, gənclər öz asudə vaxtlarını səmərəli, faydalı yerlərdə keçirsinlər. Hansı ki, bu onların daxilində müsbət bir çevriliş edərdi. Danışıqlarında, sivil qaydalara uyğun düşünmələrində, zamanın nəbzini tutmaqda yardımçı rol oynayardı. 
- Hazırda bu sahədə mövcud vəziyyət sizi qane edirmi? 
- Güman edirəm ki, bu cür faydalı məkanlar kifayət qədərdir. Sadəcə nəinki gənclər arasında, eləcə də məktəblilər arasında da bu təbliğat güclü olmalıdır. Məktəblilər çayın axarına bənzəyirlər. İlk öncə maraq dairələri nəyə güclü olursa, sonralar da ona doğru can atırlar. Odur ki, məktəblilər, eləcə də gənclər arasgnda sarlam həyat devizini mühkəmləndirmək lazımdır. Məktəblərdə artıq belə bir dərnəklər fəaliyyətə başlayıb. Məsələn bizim məktəbimizdə rəsm, rəssamlgq, şahmat, rəqs və idman dərnəklərinin fəaliyyətə başlaması məni sevindirir. 
-Sizcə belə dərnəklər onların mənəvi inkişafında, istedadlarının üzə çıxmasında hansı rolu oynaya bilər? 
- Bilirsiniz, şagirdlər özlərini sağlam mühitdə kəşf edə bilərlər. Öz potensial imkanlarını, əyləncə kimi baxdığı hər hansı bir idman növü ya da digər sahədə uğurlar qazana bilərlər. Odur ki, sağlam düşüncələri ilə həyata atılmalarını dəstəkləyirəm. İstərdim ki, internetə cəlb olunmaqdansa faydalı işlərlə məşğul olsunlar. Sosial şəbəkələrdə yersiz vaxt keçirməyə dəyməz. Həyati bacarıqlar gələcək üçün daha önəmlidir.
-Sizin təhsil verdiyiniz şagirdlər arasında bu dərnəklərdə iştirak edənlər varmı? Məktəb tərəfindən onlara hansı dəstək göstərilir?
- Məktəbimizdə qeyd etdiyim dərnəklər fəaliyyət göstərir. Şagirdlərin bu dərnəklərdə böyük səylə iştirakını görürəm. İnanıram ki, gələcəyin rəssamları, idmançıları, rəqqasları bizim məktəbin istedadlı şagirdləri arasındadır.
-Uşaqların mənəvi inkişafı ilə bağlı dərslərdə hansı mövzulara üstünlük verirsiniz? Bu gün uşaqlar dövlətçilik tariximizi, Mili Qəhrəmanlarımızı nə dərəcədə tanıyırlar?
- Mənəvi inkişafla bağlı bu gün dərsliklərimizdə olan mövzular məni qane edir. Nəzərə alsaq ki, bu gün Azərbaycan dili dərslikləri yalnız qrammatikadan ibarət deyil, burada dostluq, mənəviyyatın inkişafı ilə bağlı bir çox dəyərli materiallar var. Burada həm tariximizlə, keçmişimizlə, nağıllarımızla, Milli Qəhrəmanlarımızla sözün əsl mənasında sağlam vətəndaş olmağın sirləri aşılanmışdır desəm yanılmaram. Çox sevinirəm ki, dərsimizin bir saatı da şagirdlərlə nitqin, zəkanın inkişafına səbəb olan məhz belə mənəvi söhbətlərə köklənib. Bunu alqışlayıram. Milli Qəhrəmanlarımızı tanıyırlar, onlar haqqında maraqlı esselər yazırlar. Demək ki, onlarda dünənimiz, bu günümüz haqqında müəyyən fikirlər formalaşıb. 
-Əyani vəsait kimi uşaqların tarixi yerlərə səyahətləri təşkil olunurmu?
- Bəli, təşkil olunur. Bu yaxınlarda şagirdlər təşəbbüs irəli sürdülər. İçəri şəhərə, Qız qalasına, Şirvanşahlar sarayına, Miniatür Kitab Muzeyinə getdik. Şagirdlər həmin səfər etdiyimiz yerlərdən çox gözəl məlumatlar aldılar və məmnun qaldılar. Hətta öz səyahət şəkillərinə fəxrlə baxdıqlarını vurğuladılar. Bizə Ülvi Sultanın təşkil etdiyi tarixi məkanlarla bağlı geniş məlumat çox xoş təsir bağışladı. Şagirdlər bu tarixi abidələrə, keçmişimizə bələd olduqca yeni maraqları meydana çıxdı. Bundan başqa Təhsil Nazirliyinin şagirdlər üçün nəzərdə tutulan Qala kəndinə səyahəti də qeyd etmək yerinə düşərdi. Bu cür gəzintilər onların patriot insan kimi böyümələrinə səbəb olan amildir. Biz şagirdlərin şəxsi təşəbbüsü ilə müraciət etdik. “RVS TRAVEL”in tur meneceri Ülvi Sultan çox maraqlı məlumatlar, tarixi məkanların keçmişi barədə dəqiq informasiyalar verirdi və şagirdlərə bu tarixi məkanlarla bağlı xatirə şəkilləri həmin tur tərəfindən təmənnasız hədiyyə olundu və bu şagirdlərimizdə xoş təəssüratlar yaratdı. Eyni zamanda şagirdlər həmin tarixi məkanlarda xatirə şəkilləri çəkdirdilər. Bu şəkillər də onlara hədiyyə olundu. Bu təşəbbüsü 6 və 8-ci siniflərdə dərs dediyim şagirdlərim arasında həyata keçirdim.
- Uşaq və gənclərin mənəvi inkişafı ilə bağlı gələcəkdə bu istiqamətdə hansı tədbirlərin təşkil olunmasını, gənclərdə marağı artırmaq üçün nələri təklif edərdiniz?
- Şagirdlərin mənəvi inkişafı ilə bağlı müxtəlif səpkidə layihələrin yazılmasını təklif edərdim. Hansı ki, şagirdlər özləri bu layihələrin iştirakçısına çevrilmələrinə cəhd edib mütaliələrə cəlb olunardılar. Bədii, tarixi mövzularda, lirik şeirlərin oxunmasında onları cəlb edərdik. Çünki daxili zənginlik yalnız səyahətlərlə kifayətlənmir, dünyagörüşünün formalaşmasında mütaliə də mütləqdir.
Nigar Abdullayeva

Комментариев нет:

Отправить комментарий